• 03134490296
  • این آدرس ایمیل توسط spambots حفاظت می شود. برای دیدن شما نیاز به جاوا اسکریپت دارید
یکشنبه, 20 مهر 1399 16:04

متن خطابه غدیر به ‏زبان آذربایجانی (آذری)

Bağışlayan və mehriban Allahın adı ilə

Həmd-səna, təkliyində uca, yeganəliyi ilə mövcudata yaxın səltənətində yenilməz və qüdrət rüknləri əzəmətli olan Allah üçündür. Hərəkət etmədən və yer dəyişmədən onun elmi bütün şeyləri əhatə etmişdir. Qüdrət və burhanı ilə bütün yaranmışlara qalibdir.
Böyüklüyü daimi, həmd və sitayişi həmişəlikdir. Yer səthini genişləndirən, hündürlükləri yaradan və yerin-göyün sultanıdır. Hər növ eybdən sonsuz dərəcədə pak, mələk və ruhları yaradandır. Yaratdığına və icad etdiyinə lütfünü yetirən və artırandır. O, gözləri görür, gözlər isə onu görmür. Kəramətli və səbrlidir, qullarına möhlət vermiş, onlarla yaxşı davranır. Geniş rəhməti hər şeyi əhatə etmiş və hər şeyə bol nemətlər ehsan etmişdir. (boyun qaçıranlardan) İntiqam almağa tələsmir. Əzaba layiq olan tapıldıqda onun əzabını sürətləndirmir.


Gizlin mətləbləri bilir, batində olanlara elmi vardır. Gizlinlər ona məxfi deyil və məxfilər onun üçün şübhəyə səbəb olmur. O, hər şeyi əhatə etmiş və qalibdir. Bacarıq və qüdrəti hər şeyə yetərdir. Onun bənzəri yoxdur. Şeylərə mövcud olmadıqları zaman varlıq verəndir.
Qisti (ədaləti) bərpa edən əbədi varlıq, əziz və həkim olan Allahdan başqa məbud yoxdur. Gözə görünməkdən daha alidir, amma o, gözləri görür. O, lətif və agahdır. Heç kəs onu görməklə vəsf edə bilməz və heç kəs onun gizlin və aşkarının necəliyini tapa bilməz. Yalnız özünün tanış etdiyi dəlillər və tanışlıqdan başqa heç kəs onun necəliyini bilə bilməz.
Şəhadət verirəm ki, müqəddəsliyi və paklığı aləmi bürümüş Allah odur. Nuru əbədiyyəti bürümüş Allah odur. Onun əmrləri məşvərətsiz olaraq yetərlidir. Işlərin təqdir və ölçü götürülməsində şəriki yoxdur və tədbirlərində heç bir ixtilaf və fərq yoxdur.
Yeni varlıqları analoqu olmadan, qabaqcadan təsvir etmiş, yaratdıqlarını heç kəsdən kömək almadan, zəhmətə düşmədən və heç bir çarə axtarmadan yaratmışdır.
Yaratdı, sonra mövcudat var oldu. İcad etdi, sonra aləm zahir oldu. Deməli odur o Allah ki, ondan başqa məbud yoxdur. Yaratdığı dəyərli və gözəldir.
Ədalətlidir, zülm etməz. Kərim bir zatdır ki, aləmin bütün işləri ona qayıdır. Şəhadət verirəm o, o Allahdır ki, hər şey onun qüdrəti qarşısında təvazökarlıqla baş əyir və əzəməti qarşısında çox kiçikdir.
Mülklərin sahibi, fələkləri dolandırandır. Məlum zamanadək öz hərəkətinə davam edən günəş və ayın göstəriş verənidir. Bir-birini tez-tez əvəz edən gecə və gündüzü bu örtüyə bürüyən qüdrət sahibidir.
Hər bir zalimi sındıran və hər bir boyun qaçıran şeytanı məhv edən odur. Onun ziddi, bənzəri və şəriki yoxdur. Hamının məqsədi və ehtiyaclıların pənahı olan yeganə varlıqdır. Doğmur və həm də doğulmamışdır. Heç kəs onun yoldaşı və oxşarı ola bilməz.
İstədiyini həyata keçirən, iradəsinə uyğun hökm edən ali məqamlı yeganə Allah odur. Hər şeyi bilir və hesablayır, öldürür və dirilidir, yoxsul və varlı edir, güldürür və ağladır, bəxşişini geri alır və verir, səltənət və hökm vermək onundur, sitayiş ona məxsusdur. Yaxşılıqlar hamısı onun əlindədir və qüdrət sahibidir. Gecəni gündüzə, gündüzü isə gecəyə çevirir. Ondan başqa çox bağışlayan məbud yoxdur. Duanı qəbul edən, bəxşiş verən, nəfəsləri sayan, cin və insanların bəsləyənidir.
Ona çətin olan bir iş yoxdur. Dərdlilərin fəryadı onu dilxor, israr edənlərin təkidi onu pərişan etmir və yormur.
Layiqliləri xəta və azmaqdan qoruyandır. Düzgünləri müvəffəq edən, mömünlərin ixtiyar sahibi və aləmin bəsləyənidir. Belə bir Allahın haqqı vardır ki, bütün yaranmışlar ona şükr etsinlər. Şadlıq, qəmlilik, çətinlik, rahatlıq hallarında ona həmd etsinlər.
Ona, onun kitablarına və rəsullarına inanıram. Əmrinə qulaq asıb itaət edirəm. Onun razılığı olan işi tez yerinə yetirirəm. Hökmünə boyun əyib təslim oluram. Çünki itaətinə meylim var və əzabından qorxuram. O, elə bir Allahdır ki, nə bir nəfər onun qəfil əzabından amandadır, nə də onun zülmündən qorxusu vardır.
Onun qarşısında bəndəliyimlə şəhadər verirəm ki, mənə vəhy olunanları yerinə yetirəcəyəm. Çünki qorxuram ki, əgər yerinə yetirməsəm mənə bir məhv edici əzab nazil olsun. Onun isə məndən heç kəsin dəf etmək qüdrəti olmaz. Allahdan başqa bunun çarəsi yoxdur.
İndi o mənə elan etdi ki, mənə nazil olanı çatdırmasam, Onun peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş oluram. Allah Təala zəmanət verir ki, məni qoruyacaqdır. Onun qorumağı mənə kifayətdir. Mənə belə bir vəhy göndərmişdir:
Bağışlayan və mehriban Allahın adı ilə.
Ey Peyğəmbər! Öz Rəbbinin tərəfindən sənə nazil olmuşu tamamilə (camaata) çatdır, çatdırmasan Allahın risalətini (sənə verilmiş peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah, səni insanların (şərrindən) qoruyacaqdır. (Maidə surəsi, 67-ci ayə)
Camaat! Allahın mənə göndərdiyini çatdırmaqda səhlənkarlıq etməmişəm. İndi bu ayənin nazil olma səbəbini sizə aydınlaşdıraram:
Cəbrail üç dəfə nazil olub Alahımın salamını (ki, o özü salamdır)mənə çatdırdı. Göstəriş verdi ki, bu cəmiyyətin hüzurunda hamının qarşısında ayağa durub bütün ağlı-qaralı insanların hamısına elan edim ki, məndən sonra Əli ibn Əbi Talib mənim qardaşım, vəsim, canişinim və həm də imamdır. Onun mənə olan nisbəti Harunun Musaya olan məqamı kimidir. Yalnız bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.
O Allah və peyğəmbərdən sonra sizin başçınız və rəhbərinizdir. Allah Təala bu barədə bir ayə nazil etdi: Sizin əsil vəliniz (sahibiniz) Allah, onun peyğəmbəri və iman gətirənlərdir: o kəslər ki, namaz qılır və rüku halında ikən zəkat verir. (Maidə surəsi, 55-ci ayə)
Əli(ə) yeganə kişidir ki, namaz qılarkən zəkat verdi. onun Allahdan başqa məqsəd və hədəfi yox idi.
Mən Cəbraildən istədim ki, bu bəyanatı elan etməkdə və çatdırmaqda məni üzürlü saysın. Çünki, müttəqilərin azlığı, münafiqlərin çoxluğu, günahkarların hiylələri və islama məsxərə edənlərin yalançılığından agah idim. Onların vəsfi barəsində Allah Təala Quranda buyurur: «(O sözləri) bir-birinizin dilinizdən alırdınız və bilmədiyiniz bir şeyi ağızdan-ağıza deyirdiniz və bu işin Allahın yanında böyük olduğuna baxmayaraq kiçik hesab edirdiniz».(Nur surəsi, 15-ci ayə )Onlar bir dəfə deyil, dəfələrlə məni incitmiş və hətta məni «Üzun» (qulaq, yəni hər şeyə inanan) adlandırmışlar. Əlinin(ə) mənimlə yoldaşlığına və mənim ona olan diqqətimdən belə hesab edirlər ki, beləyəm. Nəhayət Allah Təala bu barədə ayə nazil etdi: Bu müsəlmanlardan elələri də var ki, Peyğəmbəri incidib deyirlər: «O, tez inanandır» (Ya Muhəmməd!) de: (onun) tez inanmağı sizə xeyirlidir. (Tövbə surəsi, 61-ci ayə)
Əgər istəsəydim belə söz deyənləri bəyan edər və bir-bir adlarını çəkər və tanıtdırardım. Amma Allaha and olsun ki, onlar barəsində böyüklük edir və adlarını çəkmirəm. Əgər Allah Təalanın nazil etdiyini çatdırmasam Allah məndən bütün bunları qəbul etməz və məndən razı qalmaz. Sonra bu ayəni tilavət etdi: Ey Peyğəmbər! Öz Rəbbinin tərəfindən sənə nazil olmuşu tamamilə (camaata) çatdır, çatdırmasan Allahın risalətini (sənə verilmiş peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah, səni insanların (şərrindən) qoruyacaqdır. (Maidə surəsi, 67-ci ayə)
Camaat! Agah olun ki, Allah Təala Əlini(ə) sizə rəhbər təyin etmişdir. Onu sizə imam və öndər qərar vermişdir ki, onun sözünə baxmaq, əməllərini yerinə yetirmək mühacir, ənsar, tabiin, köçəri, şəhərli, ərəb, qeyri-ərəb, azad, qul, kiçik, böyük, ağ və qaralara vacibdir və əmri icra olunmalı, sözünə baxılmalıdır.
Kim onunla müxalifət edərsə lənətlənmişdir. Onun dalınca gedən Allahın rəhmətinə doğru gedir. Onu təsdiq edən mömindir: onun sözünə baxmaq, ona itaət etmək Allahın bağışlamasına səbəbdir.
Camaat! Sizin çoxluğunuzun qarşısında axırıncı dəfə çıxış edirəm. Sözümü dinləyib qəbul edin. Allahınızın fərmanına itaət edin ki, sizin ixtiyarınız onun əlindədir və məbudunuz odur. Ondan sonra Muhəmməd(s.a.v.v.) sizin peyğəmbəriniz və rəhbərinizdir. O Peyğəmbər ki, hüzurunuzda dayanıb söz deyir. Məndən sonra isə Allahın əmri ilə Əli(ə) sizin başçınız və imamınızdır. Ondan sonra isə başçılıq və imamlıq, qiyamətdə Allah və Rəsulu(s.a.v.v) ilə görüşənədək həmin zürriyətim, onun övladlarından olacaqdır.
Allahın halal və haramından başqa halal və haram yoxdur. Allah halal-haramı mənə tanıtdı və mən də Allahın mənə öyrətdiklərini, Quranın həqiqətlərini, halal-haramı Əliyə(ə) həvalə etdim.
Camaat!Elə bir elm yoxdur ki, Allah mənə öyrətməmiş olsun. Mən də bütün bildiklərimi təqvalıların öndəri Əlinin(ə) ixtiyarına qoydum.
Elə bir elm yoxdur ki, Əliyə(ə) öyrətməmiş olam. O da bir imamdır ki, onları sizə bəyan edəcəkdir. Camaat! Əlidən(ə) ayrı düşməyin və onun barəsində yolunuzu azmayın.
Onun vilayəti və imamlığı önündə özünüzü böyük görüb təkəbbür etməyin. O haqla rəhbərlik edən və haqqa əməl edən, batili məhkum edib ondan nəhy edən adamdır. Onu Allah yolunda heç bir məzəmmət edənin tənəsi saxlaya bilməz.
Bundan başqa, Əli(ə) Allaha və onun Rəsuluna(s.a.v.v) iman gətirən ilk adamdır. O, özünü Rəsulullah(s.a.v.v) üçün fəda etdi. O, heç kəsin Rəsulullahla(s.a.v.v) ibadət etmədiyi zaman onunla yoldaşlıq edir və onunla birlikdə idi.
Camaat! Əli(ə) Allah tərəfindən seçilən imamdır. Allah Təala onun vilayətini inkar edənin tövbəsini əsla qəbul etməz və Allahın bağışlanması ona şamil olmaz. Allah onun fərmanı ilə müxalif olanlarla belə rəftar etməli və onları həmişə və əbədi əzabla cəzalandırmalıdır.
Allahla müxalifətdən qorxun, çünki elə bir oda düçar olarsınız ki, onun yanacağı camaat və kafirlər üçün hazırlanmış od püskürən daşdır.
Camaat! Allaha and olsun ki, əvvəlki peyğəmbər və rəsullar, mənim sonuncu peyğəmbər olmağımı hamıya müjdə vermişlər. Həm də mən yerin-göyün yaradılmışlarına höccətəm. Bu barədə şəkk edən kəss cahiliyyət dövrünün kafirləri kimi kafirdir. Mənim bu sözümdən bir şeyə şübhə ilə yanaşan adam sanki, tamam peyğəmbərliyimə şübhə etmişdir. Hər kəs bu mətləbə şübhə ilə yanaşarsa, yandırıcı od onun üçündür.
Camaat! Bu Allah tərəfindən mənə bir fəzilətdir, boynuma qoyulmuş bir minnət, mənə olunan bir ehsandır. Ondan başqa məbud yoxdur. Mənim əbədi sitayiş və şükrüm həmişəlik olaraq ona məxsusdur.
Camaat! Əlini(ə) özünüzdən üstün tutun. Çünki o məndən sonra qadınlı-kişili insanların hamısından layiqlisidir. Bizim vasitəmizlə Allah ruzi göndərir və xalqı qoruyur. Məlundur, məlundur, qəzəb olunmuşdur, qəzəb olunmuşdur o adam ki, mənim bu sözümü rədd edib onunla müvafiq olmasın!
Camaat, diqqət edin! Cəbrail Allahın tərəfindən məni bu işdən agah etdi ki, Əli(ə) ilə düşmən olan və onun vilayətini qəbul etməyənə mənim qəzəbim və lənətim olsun.
... Hər kəs gələcəyi üçün qabaqcadan nə göndərdiyinə baxsın. (Həşr surəsi, 18-ci ayə)
Allahın əmri ilə müxalifət etməkdən çəkinin. Çox möhkəm ayaqlar sonradan əsməyə başlamış və xətaya tərəf getmişdir.
Allah sizin etdiklərinizdən xəbərdardır.
Camaat! Əli(ə), Allahın öz kitabında qeyd etdiyiجنب الله (cənbullah)dır.
Allah Təala buyurur: (Elə edin ki, sonra) bir kəs: «Allah itaət barəsində etdiyim təqsirlərə görə vay olsun mənə. Həqiqətən, mən cənbullaha istehza edənlərdən idim».- deməsin. (Zumər surəsi, 56-cı ayə)
Camaat! Quranda dərindən düşünün, ayələrini anlayın, möhkəmatına yaxşı baxın, mütəşabihinə uymayın.
Allaha and olsun ki, sizin üçün Quranın haramları və qadağalarının ayələrinin təfsirini indi mən əlindən tutub özümə tərəf qaldırdığım şəxsdən başqa heç kəs aydınlaşdırmaz. Budur mən elan edirəm:
Mən hər kəsin mövlası və ixtiyar sahibiyəmsə, Əli(ə) də onun mövlası və ixtiyar sahibidir. O, Əli ibni Əbitalibdir (ə) və mənim vəsimdir. Onu seçmək tövsiyəsi Allah tərəfindən mənə çatdırılımışdır.
Camaat! Əli(ə) və övladlarımın pakları kiçik "qiymətli ağırlıqdır" və Quran böyük "qiymətli ağırlıqdır". Bunlardan hər biri digərini vəcf edir və bir-biri ilə müvafiqdir. Bu ikisi bir-birindən «kövsər» hovuzunda mənim yanıma daxil olanadək ayrılmazlar. Bunlar camaatın arasında Allahın Əmini və yer üçündə ilahi həkimlərdir.
Agah olun! Allahın əmrini çatdırdım. Bilin ki, vəzifəmi yerinə yetirdim. Ayıq olun ki, bəyanatı sizə eşitdirdim. Diqqət edin, ilahi əmri açıqladım. Bilin ki, Allah Təala dedi və mən də onun tərəfindən deyirəm:
Diqqət! Möminlərə bu qardaşım və bu şəxsdən başqa heç kəs əmir deyildir. Məndən sonra möminlərə imamlıq və əmirlik etmək ondan başqa heç kəsə halal və rəva deyildir.
(Əvvəldən, Peyğəmbər(с) xütbə üçün minbərə çıxanda Əli(ə) bir pillə ondan aşağıda dayanmışdı. Rəulullahın(s.a.v.v.) sözü bura çatanda öz əlini Əlinin(ə) biləyinə vurdu, o da əlini Rəsulullaha(s.a.v.v.) tərəf uzatdı. Sonra Peyğəmbər(s.a.v.v.) öz qüvvətli əli ilə Əlinin(ə) biləyindən yuxarı qaldırdı. O qədər qaldırdı ki, ayaqları Rəsulullahın dizinin bərabərinə qədər gəldi). (Burada xütbənin ravisi Əlinin(ə) necə qaldığını və Rəsulullahın(с) əli ilə necə qaldırdığını şərh edir. bu Peyğəmbərin(с) xütbəsinin bir hissəsi deyildir. Lakin xəbərin mətnində qeyd olunmuş və qarışıq ibarələrlə gəlmişdir). Sonra buyurdu:
Camaat! Bu Əli(ə) mənim qardaşım, vəsim və bilik xəzinəmdir. Ümmətə rəhbərlik və Allahın kitabının təfsirində mənim canişinimdir.
Bu Əli(ə) xalqı Allaha tərəf çağırar və onun razılığı ilə əməl edər. onun düşməni ilə döyüşər. Allahın itaətində köməkçi, ona günah etməkdən çəkindirəndir. Rəsulullahın(s.a.v.v) canişini, möminlərin əmiri və yolgöstərən rəhbərdir. O, əhdini sındıranları, zalimləri və dindən çıxanları öldürəndir. Allahın əmri ilə deyirəm və sözlərimdə pərakəndəlik yoxdur. Çünki Allahın göstərişi ilə deyirəm:
İlahi! Əlini(ə) sevəni sev, onunla ədavət edənə düşmən ol. Onu inkar edənə lənət et. Onun haqqı barəsində özünü görməməzliyə vurana qəzəb et!
İlahi! Mənə nazil etmisən ki, özümdən sonra imamlıq və rəhbərlik sənin vəlin Əliyə(ə) məxsusdur. Mən bu hökmü bunlar üçün bəyan etdim və Əlini(ə) bu məqama, bəndələrinin dinini kamil etdiyin və onlara nemətini tamamladığın məqama təyin etdim. Onların dininin islam olmasını xoşladım və dedim:
«Hər kəs islamdan başqa bir din seçərsə, ondan qəbul olunmaz və o axirətdə ziyankarlardandır». (Ali-İmran surəsi, 85-ci ayə)
İlahi! Səni şahid tuturam ki, sənin əmrini təbliğ edib bəndələrinə çatdırdım.
Camaat! O ulu Allah, onun imamlığı ilə sizin dininizi kamil etdi. Onun imaməti qarşısında itaət etməyən, onun nəslindən olan övladlarımın, qiyamətə və Allah dərgahına yetişənədək, imamətini qəbul etməyən adamın əməlləri zay olar və o əbədi cəhənnəmdə qalar.
«Belə adamların əzabları azalmaz və onlara rəhmət nəzəri olmaz». (Bəqərə surəsi, 167-ci ayə)
Camaat! Bu Əli(ə) mənə sizin hamınızdan çox kömək etmişdir. Mənə sizin ən yaxınınızdır. Əli mənim yanımda sizin hamınızdan şərəfli olmuş, mən və Allah ondan razıyıq. Əli(ə) barəsində nazil olan ayələrdən başqa heç bir ayədə Allah xoşlanmamışdır. Hər yerdə ki, Quran mömünləri Allahın xitab etdiyi tərəf kimi götürür, birinci xitab olunan odur. Quranda ondan başqa heç kəsin barəsində mədh gəlməmişdir. هل اتى على الأنسان «Həl əta» (İnsan) surəsində cənnətə getmək barəsində Allahın verdiyi şəhadət ona məxsusdur. O surəni ondan başqa heç kəs barəsində nazil etməmiş və orada ondan başqa heç kəs təriflənməmişdir.
Camaat! Əli(ə) Allahın dininin köməkçisi və Peyğəmbərin(s.a.v.v.) ehtiramının müdafiəçisidir. O, pak təqva və yolgöstərənlə yol tapmışdır. Sizin Peyğəmbəriniz ən yaxşı peyğəmbər, vəsiniz ən yaxşı vəsi, oğlanları isə ən yaxşı canişinlərdir.
Camaat! Bütün peyğəmbərlərin övladları onun öz belindəndir, mənim övladlarım isə Əlinin nəslindəndir.
Camaat! İblis Adəmi həsədlə cənnətdən çıxardı. Ona həsəd aparmayın ki, əməlləriniz zay olmasın və ayaqlarınız titrəməsin. Adəm Allahın seçdiyi olmasına baxmayaraq bir xəta ilə yer aləminə düşdü. Sizin halınız necə olacaqdır? Halbuki siz adi adamlarsınız və biriniz Allahın düşmənidir.
Bilin Əli(ə)-a yalnız bəxti dönmüş şəxs düşmənçilik edər, Əliyə yalnız özünü saxlayan və iffətlilər məhəbbət bəsləyər və ona yalnız xalis mömin iman gətirər.
«Əsr» surəsi Əlinin(ə) şənində nazil olmuşdur: «And olsun zamana (və ya ikindi çağına) Həqiqətən insan ziyan içindədir. Təkcə iman gətirib saleh əməllər edənlər, bir – birlərinə haqqı və səbri tapşıranlar müstəsnadır» (Əsr surəsi).
Camaat! Allahı şahid tuturam ki, risalətimi çatdırdım. «... Rəsulun öhdəsinə düşən açıq-aşkar təbliğ etməkdən qeyri bir şey deyildir» (Nur surəsi, 54-cü ayə) .
Camaat! «Ey iman gətirənlər! Allahdan necə qorxmaq lazımdırsa, elə də qorxun! (Və səy edin ki) ancaq müsəlman olduğunuz halda öləsiniz» (Ali-İmran surəsi, 102-ci ayə ).
Camaat! «... Bəzi üzləri tanınmaz hala salıb, burub arxalarına çevirməyimizdən əvvəl» (Nisa surəsi, 47-ci ayə). «Allaha və onun Peyğəmbərinə və onunla göndərilmiş nura (Qurana) iman gətirin» (Əraf surəsi, 157-ci ayə)
Camaat! Allahın göndərdiyi və məndə olan nur, məndən sonra Əlidə mövcuddur, sonra isə qiyamı ilə Allahın və bizim hüququmuzu qaytaran Mehdiyədək onun nəslində olacaqdır. Bilin ki, Allah bizi dünyanın bütün təqsirkarlarına düşmənlərə, müxaliflərə, xəyanətkarlarına, günahkarlarına, sitəmkarlarına və qəsbkarlarına höccət vermişdir.
Camaat! Sizi xəbərdar edir və qorxuduram ki, mən Allahın göndərdiyiyəm. Məndən öncə də Allahın göndərdikləri olmuşlar. Onlar hamısı vəfat etmişlər. (Bu təbii qaydaya uyğun olaraq) əgər mən də onlar kimi ölsəm və ya öldürülsəm siz geri qayıdacaqsınızmı? Küfr və cahiliyyət dövrünə qayıdanlar Allaha heç bir ziyan yetirməzlər. Tezliklə Allah Təala şükr edənlərin mükafatını verər. (Ali-İmran surəsi,144-cü ayə, azacıq dəyişikliklə).
Bilin ki, Əli, səbr və şükrlə vəsf olunan şəxsdir. Ondan sonra isə onun belindən olan balalarım belə olacaqdırlar.
Camaat! İslamı qəbul etməyinizlə Allaha minnət qoymayın. Qoy sizə qəzəblənməsin. Çünki onun əzabına düçar olarsınız ki, sizin rəftarlarınızı izləyər.
Camaat! Tezliklə məndən sonra başçılar peyda olar ki, sizi cəhənnəmə çağırarlar. Onlara qiyamət günü kömək olunmaz.
Camaat! Yəqin bilin ki, Allah və mən onlara nifrət edir, onlardan bizarıq.
Camaat! Bu başçılar, onların cəhənnəmin ən aşağı təbəqəsindədirlər».Doğrudan da təkəbbürlülərin yeri yaman pisdir» (Nəhl surəsi, 29-cu ayə).
Ayıq olun bunlar «Əshabi səhifə»dirlər. Siz fikrləşməli və düşünməlisiniz ki, «Əshabi səhifə» kimlərdən ibarətdir. (Əshabi səhifə: bir qrup səhabədirlər ki, müqavilə və əhdnamə bağlayaraq Peyğəmbərin(s.a.v.v.) özündən sonra canişin təyin etmədiyini və Əlinin ondan sonra xəlifə olmadığını desinlər. Səhifəni Səid ibn Əl As yazdı və Əbu Ubeydəyə əmanət olaraq tapşırdılar. Bunlar zahirən Təbuk döyüşündən qayıdanda Peyğəmbərə sui-qəsd hazırlayan on iki nəfər münafiqdir. Lakin Allahın mələyi peyğəmbəri onların niyyətindən xəbərdar etdi və onların niyyətləri boşa çıxdı. (Biharul ənvar c. 12 səh. 196) Deməliyik ki, deyilən ibarələr çox qarışıqdır).
(Ravi dedi: Səhifə hadisəsini az bir qrupdan başqa çoxları unutdu)
Camaat! Mən xilafəti irs aparmaq və imamət formasında, qiyamətədək övladlarıma tapşırıram. Bilin ki, mənə əmr olunanı çatdırdım ki, bütün burada olan və olmayanlara, doğulan və hələ dünyaya gəlməyənlərə dəlil və höccət tamamlansın. Deməli bütün burada olanlara lazımdır ki, bu xəbəri burada olmayanlara çatdırsın. Eyni zamanda, qiyamətədək hər bir ata öz oğluna çatdırsın. Tezliklə məndən sonra bu xilafət məqamımı bir qrup adam padşahlıq və qəsbkarlığa döndərəcəkdir. Ayıq olun! Allahın lənəti qəsbkarlara və onların hökumətinin boyunduruğu altına girənlərə olsun.
«Ey insanlar və cinlər! Tezliklə sizin işlərinizin hesabatına başlayacağıq. (Əgər küfr və tüğyan etsəniz) Allah sizin üstünüzə tüstüsüz alov və əridilmiş mis yağdıracaqdır ki, heç bir – birinizə kömək edə bilməyəcəksiniz». (Ər-Rəhman surəsi, 31-35-ci ayələr)
Camaat! «Allah pisi pakdan ayırd etmədən, möminləri sizin indi olduğunuz vəziyyətdə saxlayan deyildir. Allah sizə qeybi də bildirən deyildir. (Ali-İmran surəsi, 179-cu ayə)
Camaat! Allah Təala onun ayətlərini təkzib etməyənədək heç bir məntəqəni məhv etməmişdir. Allahın həmişəlik sünnəsi budur ki, zalım cəmiyyəti məvh edir. Necə ki, Allah bunu öz kitabında buyurur. (İsra surəsi, 58-ci ayə, Ənam surəsi, 131-ci ayə, və Hud surəsi,117 kimi ayələrə işarədir).
Bu Əli sizin imamınız və ixtiyar sahibinizdir. O Allahın vədələrindən biridir. Allah vədə verdiyinə əməl edir. Camaat! Sizdən öncə çoxlu adamlar yollarını azmışlar. Allah da onları aradan apardı. Elə həmin o Allah, gələcəkdə yolunu azanları da həlak edəcəkdir. «Məgər qabaqkıları məhv etmədik? Sonra daldan gələnləri də onlara qatarıq. Günahkarlarla belə rəftar edərik. O gün, təkzib edənlərin vay halına! (Mürsəlat surəsi, 16-19-cu ayələr)
Camaat! Allah mənə əmr və nəhy buyurdu, mən də Əliyə əmr və nəhy etdim. Beləliklə, Əli (ə) Allahının əmr və nəhylərinə agah oldu. İndi onun fərmanını eşidin ki, hidayət tapasınız. Nəhyinə tabe olun ki, düz yolu tapasınız. Onun istədiyi tərəfə və onun məqsədinə tərəf yönəlin ki, başqa yollar sizi onun yolundan döndərməsin.
Camaat! Mən sizin getməli olduğunuz Allahın siratəl müstəqimiyəm (doğru yol). Məndən sonra isə bu yol Əlidir (ə). Ondan sonra ondan olan övladlarımdırlar. Onlar haqqa hidayət edən və(azğınları) haqqa tərəf döndərənlərdir. Sonra həzrət, həmd surəsini qiraət etdi:
Rəhman və mehriban Allahın adı ilə.
Həmd, aləmlərin rəbbi Allaha məxsusdur. (O) rəhman və mehribandır. Cəza (qiyamət) gününün sahibidir. (Pərvərdigara!) ancaq sənə ibadət edirik və ancaq səndən yardım diləyirik. Bizi doğru yola hidayət et. Nemət verdiyin kimsələrin yoluna ki, onlar qəzəbinə düçar olmamışlar, azğın da deyillər.
Bu surə mənim və məndən sonrakı imamların şəninə nazil olmuş, onları əhatə edir və onlara məxsusdur.
Bunlar «Allahın övliyalarıdırlar ki, onlar üçün heç bir qorxu yoxdur və onlar qəmlənməzlər» (Yunis surəsi, 62-ci ayədən bir hissə) .
Ayıq olun! «Allah qoşunu həmin qalib gələndir» (Maidə surəsi, 56-cı ayə). Bilin ki, Əlinin düşmənləri, həmin təfriqə salanlar, münafiqlər və dava axtaranlardır, onlar haqqın düşmənləri və şeytanın qardaşlarıdırlar ki, «onlardan bəziləri bəzisinə, aldatmaq üçün aldadıcı sözlər təlqin edərlər» (Ənam surəsi, 112-ci ayə) .
Ayıq olun! Əli və onun övladlarının dostları o mömin dəstəsidir ki, Allah Təala onları Quranda yad edərək barələrində buyurur: «(Ya Muhəmməd!) Allaha və axirət gününə iman gətirən qövmün, Allaha və onun Peyğəmbərinə müxalif çıxanlarla–öz ataları, oğulları, qardaşları və yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, (Allah) onların qəlblərinə iman yazmışdır və öz dərgahından olan bir ruh ilə onları qüvvətləndirmişdir. (Onları) altından arxlar axan və içində əbədi olaraq qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Allahın dəstəsi bunlardır. Agah olun ki, həqiqətən, əsl nicat tapanlar da Allahın dəstəsidir» (Mücadilə surəsi, 22-ci ayə).
Diqqətli olun, onların dostlarını Allah Təala Quranda bu cür vəsf edir. «İman gətirib imanlarını zülm (şirk) ilə qarışdırmayan şəxslərə (gəldikdə isə ), onlar əmin – amanlıqdadırlar və hidayət olunmuşlar da onlardır» (Ənam surəsi, 82-ci ayə) .
Bilin ki, onların dostları Allahın vəsf etdiyi kəslərdir ki, buyurur:
O kəslər ki, əmin-amanlıqla və aram şəkildə cənnətə daxil olarlar «və mələklər onların pişvazına çıxıb deyərlər: «Salam olsun sizə! Pak oldunuz, əbədi olaraq ora daxil olun» (Zumər surəsi, 73-cü ayə).
Onların dostları o kəslərdir ki, onların barəsində Allah Təala buyurur: «Hesabsız olaraq cənnətə daxil olarlar» (Ğafir surəsi, 40-cı ayə).
Bilin ki, onların düşmənləri şölənənən cəhənnəm oduna daxil olarlar. Onların düşmənləri o kəslərdir ki, «Oraya (cəhənnəmə) atıldıqları zaman onun qaynar halda olan nəriltisini eşidərlər» (Mülk surəsi, 7-ci ayə) və «... Hər tayfa oda daxil olduqca öz yoldaşına lənət edər» (Əraf surəsi, 38-ci ayə).
Bilin ki, bu ailənin düşmənləri o kəslərdir ki, Allah-Təala onların barəsində buyurur: «... Hər hansı bir dəstə oraya atıldıqda, onun gözətçiləri onlardan soruşar: «Məgər sizə bir xəbərdarlıq edən gəlməmişdi?» Deyərlər: «Bəli! Həqiqətən, bizə bizə bir xəbərdarlıq edən gəlmişdi, biz isə (onu) təkzib etdik və: «Allah heç bir şey nazil etməyib, siz ancaq böyük bir zəlalət içindəsiniz» – dedik. Və deyərlər: «Əgər qulaq assaydıq və ya ağlımız başımızda olsaydı, cəhənnəm əhlinin cərgəsində olmazdıq». Beləliklə günahlarını etiraf edərlər. Lənət olsun cəhənnəm əhlinə!» (Mülk surəsi, 8-11).
Ayıq olun! Bu ailənin dostları onlardırlar ki, Allahlarından gizlində qorxarlar (zahirdə nifaq etmək deyil, batində Allahdan qorxarlar). Onlar üçün bağışlamaq və böyük mükafat (əbədi cənnət) olacaqdır (Mülk surəsi, 12).
Camaat! Cəhənnəmlə (əzabverici və yandırıcı) cənnət (naz və nemətli) arasında nə çox fərd vardır? Bizim düşmənimiz, Allahın pislədiyi və lənətlədiyi, dostumuz isə Allahın təriflədiyi və sevdiyi kəslərdir. Camaat! Bilin, mən qorxudanam, Əli isə hidayət edən və bələdçidir (Rəd surəsi, 7-ci ayə).
Camaat! Mən peyğəmbərəm, Əli isə mənim vəsim və canişinimdir. Bilin ki, bizdən olan axırıncı imam qiyam edən və Mehdidir (hidayət olunmuş). Ayılın! O bütün dinlərə qalibdir və zalimlərdən intiqam alandır.
Agah olun, o qalalar fatehi və onları bir-birinə vurandır. O müşriklərin bütün tayfalarını öldürən və Allah övliyalarının qanını alandır. Allahın dininə kömək edən odur. Peyğəmbərliyin dərin elm Dəryasından içən odur. Hər fəzilətlinin fəzilət və hər cahilin cəhalət nişanını vuran odur.
Agah olun ki, o, Allahın yaratdıqlarının ən yaxşısı və onun seçdiyidir. Bilin, o, bütün elmi Rəsulullahdan(s.a.v.v.) irs aparmış və onlara elmi əhatəsi vardır. O, Allahından xəbər verən və imamına agahlıq gətirəndir. O, (Allah tərəfindən məxluqun işləri) ona tapşırılmış dəqiq yolu tapandır:
O, bir şəxsdir ki, hətta keçmiş peyğəmbərlər və onunla üzbəüz olan(yəni Rəsulullah(s.a.v.v.) hamısı onun (ümumdünya) qiyamını müjdələmişlər.
O, əbədi bir höccətdir ki, ondan sonra höccət yoxdur. Ondan ayrı haqq, ondan ayrı nur yoxdur. Heç kəs ona qalib gəlməyəcək, onun ziddinə olana kömək olunmayacaqdır. O yer üzündə Allahın vəlisi, xalqa fərmanı, gizlin və aşkar işlərdə onun əminidir. Camaat! Mən deyilməli olanları sizin üçün açıq-aydın deyib, sizə anlatdım. Məndən sonra anlatmaq bu Əlinin öhdəsindədir. Sizi, xütbəm tamamlanandan sonra, Əli ilə peyman və(imamət və vilayətinin) təsdiqinə görə əlinizi mənə verib sonrada (bu peymanla) onun əlini sıxmağa dəvət edirəm. Həqiqətən mən Allaha beyət etmiş, Əli isə mənə beyət etmişdir. Mən də Allah tərəfindən sizdən Əli üçün beyət alıram. «... Hər kəs əhdini pozsa, əslində öz əleyhinə pozmuş olur..» (Fəth surəsi, 10-cu ayə).
Camaat! «Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir. Demək Allahın beytinin (Kəbənin) həccini və ya ümrəsini yerinə yetirmək məqsədində olan şəxs üçün hər ikisini təvaf etməyində heç bir günah (maneçilik) yoxdur..» (Bəqərə surəsi, 158-ci ayə).
Camaat! Allahın evinə gedin. Çünki ora gedən hər bir adam ehtiyacız, ondan üz döndərən adam isə fəqir olar.
Camaat! Elə bir mömin yoxdur ki, vüquf yerlərində dayansın. Amma Allah onun günahlarını bağışlamasın və həcci tamamladıqdan sonra onun üçün yeni bir əməl kitabçası açılmasın.
Camaat! Həcc edənlər Allah tərəfindən kömək olunmuş, onların bu yoldakı büdcələri yenidən öz yerlərinə qayıtmış olur. Allah yaxşı işlə məşğul olanların mükafatını zay etməz. Camaat! Həcci kamil din, bəsirət və anlayaraq yerinə yetirin. Bu mərasimdən tövbə etmədən və günahlardan təmizlənməmiş qayıtmayın.
Camaat! Allahın əmri olduğuna görə namaz qılın, zəkat və öz maliyyə vergilərinizi ödəyin. Əgər vaxtı keçməklə (şəri təkliflərinizi yerinə yetirməkdə ) səhlənkarlıq etsəniz, yaxud (hökmünü) unutsanız onda Əli sizin vəliniz və (hökmləri) sizin üçün tənzimləyəndir. Elə buna görə də Allah onu məndən sonra canişin təyin etmişdir və mən də Allah tərəfindənəm.
Əli(ə) sizin suallarınıza cavab verər və bilmədiklərinizi sizin üçün açıqlayar.
Bilin ki, Allahın halal-haramı (burada) sadalaya, açıqlaya bilmədiyiniz qədər çoxdur. Mən ümumi olaraq və tamamilə halala əmr və harama nəhy olunmuşam. Sonra isə mənə əmr olundu ki, Allah tərəfindən gətirdiyimin qəbulu barəsində sizdən əhd və ondan sonra qiyamətədək olan imamlar barəsindədir. Onlar onun nəslindən olan mənim övladlarımdırlar. Bunlar ümmətimin qiyam edənləridirlər. Haqla hökm edəcək Mehdi də onlardandır.
Camaat! Sizə bütün halal və rəva işlər barəsində dəlalət etdim, bütün haram işlərdən çəkindirdim. Mən, əsla əmr və nəhyimdən dönmərəm və sözlərimi dəyişmərəm.
Diqqətli olun ki, bu mətləbi qulağınızda sırğa edin və bir-birinizə tapşırın, sözlərimi dəyişdirməyin və onu korlamayın.
Diqqət edin! Sözlərimi bir daha təkrar edirəm:
Agah olun! Namazı bərpa edin, (yoxsulların haqqı olan) zəkatı verin, yaxşılığa dəvət edib pislikdən çəkindirin. Amma bilin ki, əmr be mə`ruf və nəhy əz münkərin əsası və özülü budur ki, bu günkü sözlərimə sonadək sadiq qalasınız və burada olanlar onu burada olmayanlara çatdırıb onu qəbul etməyə əmr etsinlər, onunla müxalifət etməkdən və boyun qaçırmaqdan nəhy etsinlər. Çünki bu Allah və mənim tərəfimdən olan bir dəyərli vəzifədir. Əmr be mə`ruf və nəhy əz münkərin məsum imama itaət etmədən əmələ gəlməsi mümkün deyildir.
Camaat! Quran sizi Əlidən sonrakı öndərlərlə tanış edir. Mən də onları tanıtdım ki, onlar mənim və Əlinin nəslindəndirlər. Allah Təala öz kitabında buyurur:» Tövhidi onun övladları arasında baqi qalan kəlmə qərar verdi» (Zuxruf surəsi, 28-ci ayə).
Mən də (onları tanıtmaq üçün) deydim:
Əgər Qurana və itaətimə əl atsanız əsla azmazsınız: Camaat! Təqvanı, təqvanı sizə tapşırıram. Qiyamətin gəlişindən qorxun. Allah Təala bu barədə buyurur:»Bilin ki, Qiyamətin zəlzələsi böyük və çətin bir hadisədir» (Həcc surəsi, 1-ci ayə).
Ölümü, hesabı, mizanı aləmlərin Rəbbi əzəmətli Allahın qarşısında əməllərin hesablanmasını, mükafat və cəzaları yadınıza salın. Hər kəs yaxşı iş görübsə, mükafat, bəyənilməyən iş görən isə cəza alacaqdır.
Camaat! Sizin sayınız bir-bir gəlib mənə eyni zamanda beyət etmək qədərindən çoxdur. Allah Təala mənə fərman verdi ki, sizdən dillə əhd-peyman götürüm. Bu əhd-peyman Əlinin və ondan sonra gələn imamların barəsinədir. Bu imamlar sizə elan etdiyim kimi mənim və onun övladlarıdır. Yəni mənim övladlarım onun belindəndir.
Indi isə hamınız bir səslə deyin: Allah Təalanın Əli və onun övladlarının (ki, gələcəyin imamlarıdırlar) barəsində bizə təbliğ etməyini eşitdik, əməl edəcəyik, razıyıq və boyun qoyuruq.
Ürəklərimiz, canlarımız, dillərimiz və əllərimizlə bu mühüm işdə sənə beyət edirik: (bu peymanla) yaşayacaq, onunla öləcəyik və onunla qiyamətə gələcəyik. Bu mühüm işdə heç bir dəyişiklik etməyəcəyik. Bu işdə iki ürəkli olmayacaq, tərəddüd etməyəcəyik. Bu peymanımızdan dönməyəcək və əhdinizi sındırmayacayıq. Allahın, sənin, Əli və onun övladlarının itaətini də qəbul edirik. Onun belindən olan sənin Həsən və Hüseyndən sonra olan övladlarını da qəbul edirik.
Bu iki nəfərin Allahın və mənim yanımda olan rütbəsini sizə tanıtdırdım və bu mətləbi sizə çatdırdım. Doğrudan da bu ikisi cənnət cavanlarının ağasıdırlar. Onların hər ikisi ataları Əlidən sonra imamdırlar. Mən isə Əlidən əvvəl onların atasıyam.
Yenə də deyin: Allaha, sənə, Əliyə, Həsənə, Hüseynə və dediyim imamlara itaət edir, Əmir əl möminin üçün qəlblə, canla, dillə aldığın əhd-peymana sadiq qalır. O iki imamı görənlər əl və dillə beyət edir və bundan başqa heç nə istəmir, eyni zamanda bu peymandan dönməyimizi təsəvvürümüzə belə gətirmirdik.
Allahı bu peymanda şahid tuturuq və Allahın şahidliyi kifayətdir. Ya Rəsulullah(s.a.v.v.), sən də bu işdə şahidsən.
Allah gizlin, ya aşkar itaət edənləri, onun mələklərini, ordusunu və bəndələrinin hamısını bu işdə şahid tuturuq. Allah Təala hər bir şahiddən yaxşıdır.
Camaat! Dediklərinizə diqqət edin. Allah səsləri və qəlblərinizdə gizlətdiklərinizi yaxşı bilir. (Zumər surəsi, 41-ci ayə)
Beyət edən adam, həqiqətdə Allaha beyət etmişdir və Allahın əli onların əlinin üstündədir. Camaat! Allahın qəzəbindən çəkinin, Əmir əl möminin Əli və ondan sonra imam olan övladlarına beyət edin. Allah, xəyanət edib, peyman sındıranları həlak edəcəkdir. Peymanına sadiq qalanlara rəhmət edəcəkdir».hər kəs əhdini pozsa, əslində öz əleyhinə pozmuş olur» (Fəth surəsi, 10-cu ayə)
Camaat! Sizə dediklərimi deyin. Əlini(ə) Əmir əl möminin ünvanı ilə salamlayın və deyin: «Eşitdik və itaət etdik, pərvərdigara sənin bağışlamağını (istəyirik)! Qayıdış sənə tərəfdir» (Bəqərə surəsi, 285-ci ayə). Bizi buraya hidayət edən Allaha həmd olsun! Əgər Allah bizi (Əlinin vilayət və imamətinə) hidayət etməsəydi, biz özümüz hidayət tapa bilməzdik». (Əraf surəsi, 43-cü ayə)
Camaat! Həqiqətdə, Əlinin fəzilətləri və ləyaqəti barəsində Allahın Quranda buyurduqları o qədər çoxdur ki, bir söhbətdə və bir xütbədə onu sadalayıb qurtarmaq olmaz. Onda onun fəzilətlərini sizin üçün sadalayıb tanıdıram, təsdiq edin!
Camaat! Hər kəs Allaha, onun Rəsuluna, Əliyə və dediyim imamlara itaət etsə, böyük bir doğruçuluğa nail olmuşdur.
Camaat! Əliyə beyət etməkdə, onu sevməkdə və ona Əmir əl möminin ünvanı ilə salamlamaqda öndə gedənlər doğruçuluğa çıxanlar və qaliblərdir. Onlar üçün cənnət bağlarında xüsusi yerlər vardır.
Camaat! Allahın xoşuna gələnləri dilinizə gətirin. Əgər siz və yer üzündəkilər hamı kafir olsanız Allaha heç bir ziyan dəyməz.
İlahi! Mömünləri bağışla və həqiqətləri gizlədən kafirlərə qarşı qəzəblən.

نظر دادن

از پر شدن تمامی موارد الزامی ستاره‌دار (*) اطمینان حاصل کنید. کد HTML مجاز نیست.

موسسه فرهنگی هنری غدیرستان کوثر نبی صلی الله علیه و آله و سلم

Please publish modules in offcanvas position.